Daun sindromu xəstəlik deyil: Daun sindromu insan hüceyrələrində əlavə xromosomun olmasilə müəyyənləşən genetik haldır. Artıq, 47-ci xromosom bir sıra fizioloji xüsusiyyətlərin meydana çıxmasını şərtləndirir ki, nəticədə körpə gec inkişaf edir və bütün uşaqlardan ötrü ümumi olan inkişaf mərhələlərini bir qədər gec keçir. Daun sindromlu şəxslər xəstə deyil. Onlar Daun sindromundan “əziyyət çəkmirlər”, bu sindromla “xəstələnməyiblər”, onun qurbanı deyillər. Daun sindromlu adamı “Daun”, “Dauncuğaz” adlandırmaq ədəbsizlikdir, “Daun sindromlu adam”, “inkişaf xüsusiyyətli körpə”, “məhdud imkanlı adamlar”, “xüsusi ehtiyaclı adamlar” demək daha düzgün olar.