İsa o qədər ac qalıb ki…
Gülnaz Atabalayeva 3 uşaq anasıdır. Onun iki qızı, bir oğlu var. Oğlu İsa Atabalayev daun sindromludur. Onlar Yeni Günəşlidə, acınacaqlı bir durumda, kirayə mənzildə yaşayırlar. Buna yaşamaq demək mümkünsə…
“Biz əvvəllər köhnə Günəşlidə olurduq. Elə oldu ki, yoldaşım 20 yanvarda ayağından yaralandı. Həmin gecə də onu iflic vurdu… Səhəri gün “Voyenkomata” gedib yoldaşımın yaralandığını dedikdə mənə cavab bu oldu: “nə olub? Cavan gəlinsən də sağalacaq”. Yoldaşımın bədənində deşiklər açılırdı, su axırdı. Hər şeyimi satdım, bütün qızıllarımı, qablarımadək. Ancaq yoldaşım sağalmadı… Həkimlər hər yerdə bizdən pul istəyirdi. Əlimdə olan da bitdikdən sonra evimizi təcili satışa çıxardım. Evimiz satıldı, yoldaşım isə rəhmətə getdi…”-deyir Gülnaz Atabalayeva.
İsa anasına ev almaq arzusundadır
Həyat yoldaşını 1997-ci ildən itirən G.Atabalayeva oğlunu baxımsız qoymamaq üçün işlədiyi 195 saylı uşaq bağçasından çıxır. Təkbaşına 3 uşağınıİsa anasına ev almaq arzusundadır
böyütmək üçün hər işi görüb – şadlıq evində qabyuyan, hüzr yerində aşbaz, xadimə… Ta infarkt keçirənədək çalışıb.
“İnfarkt keçirdikdən sonra əvvəlki kimi işləyə bilmirəm. Ürəyim tutur, yıxılıram… Atam raykom katibi olub… Gözəl günlərimiz olub…” – deyən Gülnaz xanım kövrəlir, sözünün ardını gətirə bilmir…
Hazırda kirayə pulunu özünün və oğlunun təqaüdü ilə ödəyən Gülnaz xanım günlərlə ac qaldıqlarını, çörək tamarzısı olduqlarını söyləyir: “İsa o qədər ac qalıb ki. Evimizdə yeməyə quru çörək belə olmayıb. Heç çörək tamarzısı görmüsünüz? Biz onlardanıq…”
Gülnaz ana onlara bəzi xeyirxah insanların yardım etdiklərini də dedi – biri Təranə Musayeva (Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal Rayon Təşkilatının sədri), digəri Sevda xanım… Onların gətirdiyi ərzaqlar hələ bitməmişdi: “Əynimizdə geyindiyimiz paltara qədər Sevda xanım gətirib. Evimizə vurduğumuz pərdələri, yatdığımız döşəkləri Təranə xanım gətirib. Bizə televizoru, soyuducunu da onlar alıb. Onlar olmasa, biz neylərdik?”
“Biz 1997-ci ildən bəri nə ət görürük, nə toyuq… Qonşumuzun oğlu əsgərlikdən gələndə, bir də xeyirxah insanlar bizə yardım gətirəndə ət yeyirik” – deyən qadın ağlayır. Anasının ağlamağına dözməyən İsa da ona qoşulur.
“Elə də olur ki, evdə, qonşularda olan bankaları yığıb qatıq satana satıram. Əvəzinə qatıq, göyərti alıram. Doğramac eləyib yeyirik…” – bunu Raminə – İsanın balaca bacısı söylədi.