Uşağınızı tərbiyə edərkən nələrə diqqət etməlisiniz?
Çox zaman uşaqlarımızın bizi anlamadığından, şikayət edirik. Bəs biz özümüz onları nə qədər dinləyirik, nə qədər anlamağa çalışırıq? Gün ərzində o qədər çox səhvlərə yol veririk ki bəzən bunların fərqinə varır, bəzən də varmırıq. Bəs uşaqlarımızla ünsiyyət qurmaq üçün nə etmək lazımdır? Bax burada biz bu haqda danışacağıq.
Ana-atalar və uşağın ünsiyyətdə olduğu digər böyüklər uşaqlarla ünsiyyətdə çox zaman səhvlərinin fərqinə varmazlar. bəzən bu bir baxış, bir söz, bir davranış ola bilər. Bizim üçün önəmli bir məna ifadə etməsə də onların uşaq dünyagörüşündə bir çox mənfi hallara səbəb ola bilər. Ana-atasının onu sevmədiyini, lazımsız, gücsüz, dəyərsiz bir varlıq olduğunu hiss edə bilər.
Uşaqlarla ünsiyyət bir çox hallarda böyüklər üçün müəyyən qaydalar çərçivəsində baş verər. Bununla birlikdə uşağın uşaqlıq dünyası da nəzərə alınmalıdır. Uşaqlar böyüklərdən fərqli olan anlama, qavrama, düşünmə sisteminə sahibdirlər və xəyal dünyaları da insanlarla ünsiyyətdə əhəmiyyətli yer tutar.
Uşaqlarla ünsiyyət zamanı çox zaman qulaq ardına burduğumuz, bəzən də sadəcə bilməklə kifayətləniməyib yerinə yetirmədiyimiz önəmli anlayışları bu cür açıqlaya bilərik:
1- Dinləmək - Uşağımız bizə bir şey başa salmaq istərkən (bu bir problem, şikayət, gördüyü, yaşadığı hər hansı bir hadisə, ya da xəyali bir hekayə ola bilər.) onu diqqətlə, ciddiyə alaraq dinləməliyik. Burada üz ifadəmiz, duruşumuz, bədənimizin ona doğru əyilməsi də çox önəmlidir. Uşağın üzünə baxaraq, mimiklərimizi də hərəkətə gətirərək onları dinləməliyik.
Biz böyüklərin tez-tez yol verdikləri yanlışlardan biri dinləmək yerinə "dinləyir kimi davranmaq"dır. Mən bu davranışa "yola vermək" deyirəm. Əgər uşağımızı o anda vaxtımız olmadığı üçün dinləyə bilmiriksə o söhbəti qısa bir zaman sonraya saxlaya bilərik. Yenə də ən yaxşısı uşaq söhbətin həyəcanında ikən onu dinləməyə çalışmaqdır.
2- Anlamaq - Uşağın danışdığı şeyi diqqətlə dinlərkən nə demək istədiyini, hadisələrə qarşı hiss etdiklərini, nə qədər təsirləndiyini anlamağa çalışmalıyıq. Danışmaq istədiyi hadisə nədir? Uşaq üçün mənası nedir? Məsələn uşağınızın ən çox sevdiyi kuklasının qolunun qırılması sizin üçün çox önəmli olmaya bilər, çünki sizə görə o qolu olmasa da yenə kukladır və onun yerinə yenisi alına bilər ya da təmir edilə bilər. Lakin uşağınızın mənəvi dünyasında bu kuklanın çox önəmli bir yeri ola bilər və bir başqa oyuncaq onun yerini doldurmaya bilər. Uşaq üçün çox önəmli olan mövzularda onları anlamaq və hörmətlə yanaşmaq ünsiyyət zamanı çox önəmlidir.
3- Kiçik şeylərə diqqət etmək - Kiçik ayrıntılara diqqət etmək və bunu uşağınuza çatdırmaq uşağınuza verdiyiniz qiyməti göstərmək açısından çox önəmlidir. Danışmada, davranışlarda, dəyişikliklər, yenilikləri görmək və bunları uşağınuza göstərmək uşağınızı çox xoşbəxt edəcək və ona qiymət verildiyini hiss edəcəkdir. Onun sizə olan inamı artacaqdır.
Məsələn daha öncə söyləyə bilmədiyi bir kəlməni söylədiyi zaman, dəyişən üz ifadəsini gördüyünüzdə (qəflətən qızğın, üzgün, sevincli, düşüncəli bir ifadə alması kimi) bunu göstərmək və bu fərqlilik haqqında danışmaq istəmək uşağın özünə inamını artdırmağa kömək edəcəkdir.
4- Verilən sözə əməl etmək - Uşaqlarla ünsiyyətdə ən önəmli məsələlərdən biridir. Ana-ata söz verdiyi zaman bunu yerinə yetirib yetirməyəcəklərini nəzərə almalıdırlar. Yerinə yetirməyəcəyi ya da ciddiyə almayacağı bir sözü vermək, başlanğıcda edə bilməyəcəyini söyləməkdən daha az ziyanlı deyildir. Verilən sözü tutmamaq uşağın ana-ataya olan inamını zədələyər və ünsiyyətdə çətinliklər yaradır.
5- Gözlənilənlərin dilə gətirilməsi - Nə ediləcəyi, necə ediləcəyi, nə zaman ediləcəyi ilə bağlı gözləntilər dilə gətirilməsə, fərqli gözləntilər içində olmaq hər iki tərəf üçün xəyal qırıqlığına yol aça bilər. Ailə içində kim nəyi, nə zaman və necə edəcək? məsələlərinin açıq şəkildə bildirilməsi, ailə içindəki gözləntilərin toqquşmasını və uşaqların yanlış anlamalarla xəyal qırıqlığı yaşamasının qarşısını alar.
Məsələn kiçik yaşdan etibarən istədiyi hər şeyin heç bir əngəl olmadan yerinə yetirildiyini görən uşaqda ana-atasının gücünün hər şeyə çatdığı, istədiyi zaman hər şeyi etmək haqqı olduğunu düşünə bilər. Ana-atalar etdikləri yanlış hərəkətlərlə (çox hədiyə almaq, səhvləri görməməzliyə vurmaq, istəniləni şeyi o saat yerinə yetirmək) uşağın zehnindəki gözləntiləri dəstəkləyər. Bir gün gələr ki ana-atanın edə bilməyəcəyi, əlindən gəlməyən bir şey olar və istədiyi hər şeyin olacağı inancında olan bir uşaq böyük peşimançılığa düçar olar və mənfi reaksiyalar göstərər (küsmə, ağlama, əşyaları dağıtmaq, əlaqəsi olmayan məsələlərə qarşı neqativ davranma, israr etmə və s.)
Bütün bunlarla birlikdə uşağın mesbət davranışlarını təqdir etmək, bacarıqlarını, yeni uğurlarını, qabiliyyətlərini tərifləmək düzgün bir yanaşma ilə uşaqlarımızla müsbət ünsiyyət qurmağımızı təmin edəcəkdir. Əgər qulaq asmasaq, qulaq asmağa çalışmasaq, öz gözləntilərimizi və edə biləcəklərimizi doğru şəkildə danışmasaq sağlam təməlləri olan münasibətlər qura bilmərik.
Diqqət etməli olduğumuz kiçik bir not - Əsla uşaqlarınızın davranışlarını öz dünyanızın qaydalarına görə dəyərləndirməyin. Onlara davranışlarınızla həqiqi dünya qaydalarını öyrətməyə çalışın, eynı zamanda onların öz uşaq dünyaları içində mənimsəmə, öyrənmə, düşünmə və xəyal qurma qabiliyyətləri olduğunu nəzərə alın.